Azərbaycanda professor, fəlsəfə doktoru olan məşhurlar - SİYAHI
Xalq artisti Nazpəri Dostəliyeva dünən öz “İnstaqram” səhifəsində məlumat yayıb ki, “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi alıb. Dostəliyevanın elmi ad alması geniş müzakirələrə səbəb oldu. Hətta bir çoxları müğənninin dissertasiya yazmasına inanmayıb, onu lağa qoyublar. Ancaq elmi ad alan sənətçilər arasında Nazpəri tək deyil.
Minval.info elmi ad almış azərbaycanlı məşhurlar barədə məlumat verir:
Bu ilin aprel ayında əməkdar artist Nüşabə Ələsgərli də sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. N.Ələsgərli əfsanəvi bəstəkar Şəfiqə Axundovanın yaradıcılığı ilə bağlı elmi iş yazmışdı.
Əməkdar artist Lalə Məmmədova isə filologiya üzrə fəlsəfə doktorudur. Hazırda müğənni Milli Konservatoriyada ingilis dili müəlliməsidir. Lalə Məmmədovanın atası Nadir Məmmədov da alimdir və hazırda BDU-da çalışır.
Əməkdar artist Gülyanaq Məmmədova Azərbaycan xalq və bəstəkar mahnılarının problemlərinin həll olunması” adlı mövzunu müdafiə etdikdən sonra fəlsəfə doktoru elmi dərəcəsi adını alıb.
Xalq artisti, xanəndə Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adını alıb. O həm Dövlət Konservatoriyasında, həm də Mədəniyyət və İncəsənət Universitetində pedoqoji fəaliyyətlə məşğuldur.
Xalq artisti Azər Zeynalov da Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
ARB telekanalının aparıcısı Rövşanə Ağasəfqızı (Bektaşi) filologiya elmləri namizədidir. Rövşanə Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.
Əməkdar artist Ədalət Şükürov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Özünün bildirdiyinə görə, elmi işini Rusiyanın Sankt-Peterburq şəhərində müdafiə edib.
Xalq artisti, xanəndə Mələkxanım Eyyubova “Muğam sənətinin inkişafında dövlət qayğısı” mövzusunuda dissertasiya müdafiə edib, professordur. 10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə işləyir.