\
24 Noyabr 2024 - Bazar günü

Penitensiar Xidmətin keçmiş qarovul rəisi müğənni Fədayə Laçınla üzləşdirilib

Penitensiar Xidmətin keçmiş qarovul rəisi müğənni Fədayə Laçınla üzləşdirilib
1808baxış

Vəkil xüsusi təyinatlı vaqondan qaçan məhbuslara görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qarovul rəisi Ceyhun Səmədovla görüşüb.

Vəkil Vilayət Nadirov APA-ya açıqlamasında qeyd edib ki, C. Səmədovun səhhəti normaldır və saxlanılma şəraitindən narazı deyil. O bildirib ki, C. Səmədovla bağlı istintaq yaxın müddətdə yekunlaşdırılaraq məhkəməyə göndərilə bilər.

Vəkil onu da deyib ki, C. Səmədov əvvəllər aparılmış istintaq hərəkətləri ilə bağlı iş üzrə həbsdə olan müğənni Fədayə Laçınla üzləşdirilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinən C. Səmədov barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Qaçan məhbuslardan biri Əli Ağami həbs edilib, E. Məmmədov isə zərərsizləşdirilib.

Məhkumların qaçması ilə bağlı Penitensir Xidmətin qarovul rəisi Ceyhun Səmədov və bir neçə əməkdaş həbs olunub.

Mediapress.az