Qadın alverində adları hallanan şou-biznes nümayəndələri...
Ötən həftə müğənni Nadir Qafarzadənin onlarla sənətçinin qadın alveri ilə məşğul olması haqda səsləndirdiyi fikirlər yenidən bu mövzunu gündəmə gətirdi.
Qeyd edək ki, bundan əvvəl də sosial şəbəkələrdə, mətbuatda hansısa sənətçilərin, teleaparıcı və ya prodüserlərin qadın alveri ilə məşğul olması ilə bağlı məlumatlar, iddialar yayılmışdı.
Ötən ilin sentyabrında əməkdar artist Cavanşir Məmmədov da qonaq olduğu verilişlərin birində bəzi həmkarlarının insan alveri ilə məşğul olduğunu demişdi: “Bu gün onlarla məşhur müğənni, prodüser, təşkilatçı var ki, insan alveri ilə məşğuldur, ona-buna qız ”daşıyır". Şou-biznesdə olan “mama roza” və “papa roza”lar heç bir sahədə yoxdur. İnsan alveri ilə əlaqədar qurumlar şou aləmində reyd keçirsə, bir gecədə onlarla şəxs həbs edilə bilər. Əminəm ki, bu olandan sonra müğənnilər sakitləşər”.
Cavanşir Məmmədov həmçinin həmin müğənniləri adbaad tanıdığını və adlarını açıqlaya biləcəyini qeyd etmişdi.
Qeyd edək ki, bu məsələdə artıq bir neçə sənətçinin adı hallanıb. Onların arasında həbs olunanlar da var.
Məsələn, bir neçə il bundan əvvəl sosial şəbəkələrdə məşhurlaşmağa başlayan Maral Tahirqızı bir qədər sonra Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə, əxlaqsızlıq yuvası təşkil etməkdə günahlandırılaraq, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən ilin oktyabrında azadlığa çıxıb.
2015-ci ildə tanınmış prodüser Vəfa Vaqifqızı da qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək həbs edilmişdi. Məhkəmə qərarına əsasən prodüser barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilərək, Bakı İstintaq Təcridxanasına göndərilmişdi.
Xatırladaq ki, Vəfa Vaqifqızı Nüşabə Ələsgərli, Nazənin və bir çox məşhur müğənnilərin, o cümlədən də, bir neçə telekanallarda yayımlanan maqazin verilişlərinin prodüseri olub.
Bir neçə il öncə müğənni Elçin Hüseynovun da adı bu cür olayda hallanmışdı. Belə ki, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsinə Xaçmaz rayon sakini Heybət Nemətovun Binəqədi rayonu ərazisindəki “New Life” çay evində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olmuşdu. Sonradan məlum olmuşdu ki, adıçəkilən çay evi müğənni Elçin Hüseynova məxsusdur.
Xatırladaq ki, 2014-cü ildə müğənni Aygün Kazımovanın da adı qadın alveri ilə bağlı məsələdə hallanmışdı. Belə ki, teleaparıcı Aytən Səfərova proqramların birində müğənninin Türkiyədəki evində əxlaqsızlıq yuvası açdığı haqda xəbər yayımlamışdı.
Müğənni isə iddiaya bu cür aydınlıq gətirmişdi: “Aytən Səfərovanın efirdə təqdim etdiyi qəzet, foto, informasiya illər əvvəl çıxıb. Həmin yazı modelyer Romazo ilə bağlı idi. Mənim adımın burada hallanması yanlışdır. Çünki bu, dezinformasiyadır. Belə bir şey olmayıb, ola da bilməz. Haqqımda bu cür xoşagəlməz xəbərlərin yayılması mənim üçün müsbət hal deyil”.
Bu günlərdə isə mətbuatda prodüser Təranə Səmədovanın barəsində DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində cinayət işi açıldığı haqda məlumatlar yayıldı. Lent.az saytının məlumatına görə, ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib. İttihama görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib. Lakin prodüser barəsində istintaq dövründə həbs-qətimkan tədbiri seçilməyib, hazırda azadlıqdadır.
Qeyd edək ki, prodüser bir müddət öncə müğənni Cavanşir Məmmədovun bəzi həmkarlarının qadın alveri ilə məşğul olması iddialarına sərt reaksiya vermişdi: “Şou-biznes adına ləkə gətirən insanlar var. Amma Cavanşir Məmmədov niyə mövzuya toxunur, belə danışır? Bu işlə məşğul olan müğənnilər, aktyorlar var, ya da yoxdur, bilmirəm. Amma Bakı balaca şəhərdir. Elə müğənniləri İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırırlar ki... Mən özlüyümdə deyirəm ki, o yetimi ora niyə çağırıblar? Elə müğənnilərimizi nahaqdan ora çağırıblar ki, mənim tüklərim biz-biz olub. Ayıbdır, bu mövzuya niyə toxunurlar, anlamıram”.
Bunun ardınca isə sosial şəbəkələrdə müğənni Günel Ələkbərovanın da DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə çağırıldığı haqda xəbərlər yayıldı. İddialara görə, müğənni insan alveri ilə məşğul olmaqda günahlandırılıb.
Lakin müğənni mətbuata açıqlamasında belə bir hadisənin baş vermədiyini bildirib: “Bu, düz məlumat deyil. Belə işlərdə mənim adımın hallanması düzgün deyil. Məni heç bir yerə çağırmayıblar. Mənim Təranə Səmədova ilə keçmişdə iş birliyim olub. Bu, o demək deyil ki, mənim də bu işdə əlim var. Belə çirkab işlərdə kimlərinsə mənim adımı hallandırması yolverilməzdi. Mən yoldan keçən insan deyiləm, ailəliyəm, mənim övladım var”.