Röyanın keçmiş biznes ortağının şikayəti əsasında məhkəmə başlayıb - Səbinə Hüseyn
Bakı Apellyasiya Məhkəməsində tanınmış müğənni, əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən keçmiş biznes ortağı Səbinə Hüseynovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndiirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.
İttiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Amma S.Hüseynova məhkəmə proseslərinə gəlməyib və ötən il dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarışa verilməsi barədə qərar çıxarıb.
R.Ayxanla birgə işləmiş tanınmış dizayner S.Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Bakı İstintaq Təcridxanasına köçürülüb.
S.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
2017-ci il dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, S.Hüseynovaya şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Qeyd edək ki, əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Daha sonra isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla işbirliyinə son qoyduğunu açıqlayıb.