\
23 Noyabr 2024 - Şənbə

"Çox güman ki, mətbuat konfransı olacaq" - Fədayə Laçının vəkili

"Çox güman ki, mətbuat konfransı olacaq" - Fədayə Laçının vəkili
1782baxış
Bu gün səhər saatlarında müğənni Fədayə Laçının azadlığa buraxıldığı bildirilir.
 
Moderator.az xəbər verir ki, səhər saatlarından etibarən məlum hadisə ilə bağlı müxtəlif KİV nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasının önünə toplaşıb. Lakin müəssisənin rəisi Elnur İsmayılov müğənninin artıq təcridxanadan buraxıldığımı bildirib.
 
Fədayə Laçının nəyə görə gizli şəkildə təcridxananın çıxışından deyil, arxa qapıdan buraxılması isə sirr olaraq qalır. Və ümumiyyətlə, müğənni xanım artıq azadlıqdadırmı?!
 
Məsələyə aydınlıq gətirmək üçün F.Laçının vəkili Nurəngiz Qarayeva Moderator.az-ın əməkdaşının telefon zənginə belə cavab verib:
“Fədayə Laçın artıq azadlıqdadır, anasının evindədir. İndi telefonu ona verə bilmərəm ki, danışasınız, çünki yanında deyiləm və mən də sizinlə çox danışa bilmərəm. Sonra əlaqə saxlayarıq”. 
“Axı jurnalistlər təcridxananın qapısı önündədir və Fədayə Laçın buradan çıxmayıb hələ də” sualına vəkil xanım, “o, səhər tezdən tək-tənha gedib. Özü də arxa qapıdan çıxıb. Yəqin hələ heç kimlə danışmaq istəmir. Çox güman ki, mətbuat konfransı olacaq”, cavabını verib. 
 
Xatırladaq ki, ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci ildə çıxardığı hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılmışdı. Məhkəmənin qərarı ilə F.Laçının cəzası 2 ilə endirilib. Bundan başqa, Kanvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.
 
Beləliklə, həbsdə olan müğənninin 2 illik cəzası bu gün başa çatır.
Qeyd edək ki, müğənni və digərləri xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi.
 
Könül Aypara