Bu gün Avropa futbolunun taleyi həll olunacaq
Bu gün UEFA 55 üzv ölkənin milli assosiasiyasının iştirakı ilə video-konfrans keçirəcək.
Bakı vaxtı ilə saat 16:00-da başlanacaq toplantıda koronavirus təhlükəsinin futbolda yaratdığı problemlər, bu il keçirilməsi nəzərdə tutulan yarışlarla bağlı son vəziyyət müzakirə olunacaq. İştirakçı ölkələr AVRO-2020-nin aqibəti başda olmaqla, Çempionlar Liqası, Avropa Liqası və üzv ölkələrin milli çempionatları ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Təbii ki, əsas müzakirə mövzusu AVRO-2020 olacaq. 12 iyun - 12 iyulda keçirilməsi planlaşdırılan çempionatın 12 ev sahibindən biri Bakı şəhəri olmalıdır. Azərbaycandan əlavə, İtaliya, Hollandiya, Macarıstan, Rusiya, Danimarka, İngiltərə, Şotlandiya, İspaniya, İrlandiya, Almaniya və Rumıniya da təşkilatçı ölkə qismində çıxış etməlidir.
Çində başlanan qısa müddətdə bütün Avropanı cənginə alan koronavirus epidemiyası üzündən bir çox ölkənin milli çempionatları təxirə salınıb. Bura Azərbaycan Premyer Liqası da aiddir. Eyni zamanda Çempionlar Liqası və Avropa Liqası 1/8 final mərhələsindən etibarən ertələnib.
Qeyd edək ki, video-konfransa Avropa Klublar Assosiasiyası və Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının nümayəndələri də qatılacaq. (report)