Dünya çempionu Operativ Qərargaha müraciət etdi - "Zallar açılsın..." - VİDEO
Yeddinci aydır fəaliyyətsiz qalan idman zalları tək onları işlədən sahibkarlara ziyan vurmayıb, həm də professional idmanla məşğul olan insanlara mənfir təsir göstərib.
Mediapress.az-ın məlumatına görə, hazırda bir neçə idman növləri var ki, onlar zoom, və yaxud parklarda görüşərək keçirilir. Normalda idman zalarında gün ərzində 150 nəfərə yaxın insan məşq edirdisə, hazırda bunlardan yalnız 6-7 nəfəri distant dərslərə müraciət edirlər.
Belə duruma düşən idmançılardan biri də döyüş üzrə dəfələrlə Dünya və Avropa çempionu, peşəkar döyüşçü, qadınlardan ibarət yığma komandanın baş məşqçisi olan Anar Süleymanovdur. O, Operativ Qərargaha videomüraciət edib.
Müraciətdə deyilir:
"Mənim bugünkü müraciətim operativ Qərargaha - Hikmət Hacıyevədir.
Hikmət müəllim, hər kəsə məlumdur ki, Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınıb. Burada mənim də qismən olsa, həm məşqçi, həm də idmançı olaraq zəhmətim vardır. Biz bilirik ki, qeyri olimpiya üzrə məşq olunan idmançıların və məşqçilərin sosial durumları o qədər də yaxşı sayılmır. Çünki bizim gəlir yerimiz yalnız məşq keçib, müavinat almaqdır. Ancaq məlum məsələyə görə, aylardır ki, bizim gəlir yerimiz bağlıdır. Bu da idmançılar üçün ağır günlər deməkdir. Brifinq zamanı siz hər dəfə yalnız açıq havada məşq keçməyi məsləhət görürsünüz. Ancaq havanın pisləşməsini, soyumasını nəzərə alsaq, bizim açıq havada məşq keçmək iqtidarımız yoxdur. Ona görə də Sizə öz və bütün idmançılar adından müraciət edirəm ki, əgər istəyirsiniz ki, ölkəmizin bayrağı gələcəkdə də bütün dünyada dalğalansın, o zaman xahiş edirik, növbəti brifinq zamanı bizim xahişimizi nəzərə alaraq zalların açılmasını da gündəmə gətirəsiniz. Və yaxşı olardı ki, bizlərdən bir idmançını və ya məşqçini dəvət edəsiniz. Ortaq məxrəcə gələrək, müəyyən bir qayda tətbiq etməklə zalları açaq. Çünki sağlam bədəndə sağlam ruh olar. İnanırıq ki, müraciətimizi nəzərə alıb, bizi sevindirəcəksiniz".
Günel Ayxan