Şəhriyar Məmmədyarov da Aronyanı məğlub etdi
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsi olan “Meltvater” turnirinə start verilib.
Virtualaz.org bildirir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov birinci turda ermənistanlı Levon Aronyanla qarşılaşıb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Ş.Məmmədyarovun növbəti turda rəqibi Rusiya nümayəndəsi Daniil Dubov olacaq.
Digər şahmatçımız Teymur Rəcəbov isə birinci turda niderlandlı Aniş Giri ilə heç-heçə edib. O, növbəti görüşdə argentinalı Alan Piçota qarşı mübarizə aparacaq.
Xatırladaq ki, yanvarın əvvəlində Champions Chess Tour-un ikinci turnirinin finalında Teymur da Aronyan üzərində parlaq qələbə qazanmışdı.
Onu da qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq.