Bu gün Azərbaycan millisi Portuqaliya yığması ilə qarşılaşır
Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin birinci turu çərçivəsində martın 24-də Portuqaliya yığması ilə qarşılaşacaq.
Virtualaz.org xatırladır ki, oyun İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək.
Görüşü almaniyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Daniel Siebert olacaq. Ona həmyerliləri Jan Seidel və Rafael Foltin kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Saşa Stegemann olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Onu da xatırladaq ki, yığma komandamız seçmə mərhələnin A qrupunda Portuqaliya millisi ilə yanaşı Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.