PSJ "Reyms"ə qalib gəldi
Fransa Birinci Liqasının XXXVII turunun matçında "Pari Sen-Jermen" (PSJ) futbol komandası "Reyms"lə qarşılaşıb.
Qarşılaşma Parisdə "Park de Prens" stadionunda keçirilib və meydan sahiblərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 10-cu dəqiqəsində qonaqlar azlıqda qalıblar - müdafiəçi Yunis Əbdülhəmid qırmızı kart alaraq meydançadan qovulub. Bundan üç dəqiqə sonra PSJ-nin hücumçusu Neymar penaltini uğurla yerinə yetirərək, hesabı açıb. Matçın 24-cü dəqiqəsində Kilian Mbappe Paris komandasının hesabdakı üstünlüyünü ikiqat artırıb. Qarşılaşmanın 68-ci dəqiqəsində müdafiəçi Markinos Neymarın ötürməsini qola çevirib. Oyunda son qolun sahibi isə Moyze Kin olub.
PSJ 37 matçda 79 xal yığaraq, Fransa Birinci Liqasının yarış cədvəlində ikinci yer tutur. "Reyms" 42 xalla 13-cü yerdədir.