211 saylı orta məktəbin şagirdi mükafata layiq görüldü - “Qarabağ” İdman Klubunun Braziliya ciu-citsu idman növü üzrə EKSKLÜZİV - FOTOLAR
"Daha yüksək zirvələri fəth edəcəyəm!"
Xəbər verdiyimiz kimi, yanvar ayının 7-də Hövsan Olimpiya idman kompleksində “Qarabağ” İdman Klubunun Braziliya ciu-citsu idman növü üzrə ənənəvi açıq çempionatı və birinciliyi keçirilib.
Azərbaycan Braziliya ciu-citsu klubları ictimai birliyi və El Kargo LTD-nin dəstəyi ilə keçirilən yarış Qarabağ şəhidlərinin xatirəsinə həsr edilib.
Yarışda bölgələrimizlə yanaşı, Bakının 10 klubu da təmsil edilib. Onların arasında 2 qat Dünya çempionu, 2 dəfə Avropa mükafatçısı, 5 qat Azərbaycan çempionu, dəfələrlə Bakı çempionu, “Grapplinq” idman növü üzrə usta olan Hadıyev Fəridə məxsus “Hadıyev Team” qrupu da olub. Hansı ki, bu komandanın 8 idmançısı qızıl, 3-ü isə gümüş medallarla təltif edilib.
Gümüş medal alan idmançılar arasında 211 saylı orta məktəbin 11-ci sinif şagirdi Abbaslı Anar da var. Bu, Anarın artıq qazandığı 5-ci nailiyyətidir. O, müxtəlif idman yarışlarında iştirak edərək, layiq olduğu qalibiyyətləri əldə edib.
“Ümumiyyətlə, idman sağlamlıq deməkdir. Hamıya sağlamlıqla məşğul olmağı tövsiyə edirəm. Xüsusən də yeniyetmə və gənclərə. Pis vərdişlərindən, tənbəlliklərindən əl çəkib hamı idmanla məşğul olsa, yaxşı olar. Həm uzun ömürlü olarlar, həm də həyatda nəyəsə nail olarlar. Mən ta uşaqlıqdan müxtəlif idman növləri ilə məşğul olmuşam. Hazırda “MMA” ilə məşğulam və bu sahə üzrə daha yüksək zirvələri fəth etməkdə iddialıyam. Bunun üçün müəllimim Hadıyev Fəridə təşəkkürümü bildirirəm!” – deyə açıqlama verən Abbaslı Anar bu il sənədləri İdman Universitetinə verəcəyini də açıqladı.
Uğurlar!
Hazırladı: Könül AYPARA