“Neftçi” Azərbaycan futbolu tarixinə düşüb
Neftçi” Azərbaycan klublarının avrokuboklar tarixindəki ən böyük geridönüşünə imza atıb.
Apasport.az saytının məlumatına görə, Laurentsiu Regekampfın yetirmələri Konfrans Liqasının II təsnifat mərhələsində “Aris” səddini keçib.
Kiprdə 0:2 hesabı ilə uduzan “ağ-qaralar” Bakıdakı matçda iki topluq geriliyi aradan qaldırıb. Paytaxt təmsilçisi rəqibini 3 cavabsız qolla keçib.
Avrokuboklar tarixinə baxsaq, Azərbaycan klubları dəfələrlə minimal fərqli məğlubiyyətin əvəzini çıxıb. Sonuncu belə mini-kambek cari mövsüm qeydə alınıb. “Qarabağ” Polşadakı 0:1 hesablı məğlubiyyətdən sonra “Lex”i darmadağınla keçib – 5:1.
Amma avrokubok səhnəsinə 1994-cü ildə çıxan Azərbaycan təmsilçiləri 2 və ya daha çox fərqi ilə uduzduğu qarşılaşmalardan heç birinin revanşını ala bilməyib. “Neftçi”yə qədər 41 belə nəticə qeydə alınmışdı. Bunların 30-u səfər görüşünə təsadüf edib. Heç bir halda da 2 və ya daha yüksək gerilik aradan qaldırılmayıb. Konkret eyni nəticəyə nəzər salsaq, “Neftçi”yə qədər 5 dəfə komandamız səfərdəki 0:2-dən sonra revanş üçün ev matçına çıxıb. Amma “Bakcell Arena”ya qədər kambek yaşanmayıb.