Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır
"Səfərimin əsas məqsədi avtomobilə quraşdırılmış daha bir VAR sistemi əldə etməkdir".
Bunu "Report"a açıqlamasında Almaniyanın Frankfurt şəhərində səfərdə olan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov deyib.
48 yaşlı funksioner hazırda Azərbaycan Premyer Liqasının oyunları üçün iki VAR qurğusunun olduğunu bildirib: "Bunlardan biri avtomobilə quraşdırılıb və əsasən regionlardakı matçlarda istifadə edilir, digəri isə Bakı Olimpiya Stadionunda yerləşdirilib və ondan paytaxtımızda keçirilən qarşılaşmalar zamanı yararlanırıq. Daha birini əldə etsək, artıq əlimizdə 3 VAR sistemi olacaq. Bu da gələcəkdə işimizi daha da asanlaşdıracaq. Sistemi quran şirkətlə görüşlərim davam edir, yekun nəticə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
PFL rəhbəri VAR sisteminin bu mövsümdən Azərbaycan Premyer Liqasında tətbiq olunduğunu xatırladıb: "Bunu qısa müddətdə reallaşdırmağımıza baxmayaraq, düşünürəm ki, uğurlu alınıb. Etiraf etməliyik ki, müəyyən problemlər var və qərarlarda gecikmələr olur. Bu da zamanla düzələcək. Bəzi liqalarda ümumiyyətlə VAR-ı tətbiq edə bilmirlər, bəzilərində turun yalnız bir görüşündə bu sistemdən istifadə olunur. Amma bizdə çempionatın bütün görüşlərində istifadə edilir. Yalnız bir matçda - VII turda baş tutmuş “Kəpəz” – “Şamaxı” qarşılaşmasında sistemdə yaranan texniki nasazlığa görə VAR işləmədi. Bu problem də sonradan aradan qaldırıldı. Bundan başqa, hələlik XI tura kimi ciddi problem yaşanmayıb".