\
22 Noyabr 2024 - Cümə

Azərbaycanın 2 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 2 boksçusu beynəlxalq turnirdə finala yüksəlib
1314baxış

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kubokuna start verilib.

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, ilin ilk beynəlxalq turnirin birinci günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Komandamızın 3 boksçusu rinqdən qələbə ilə ayrılıb. Yarımfinal çərçivəsində macarıstanlı Patrisiya Petrimanla üz-üzə gələn Banuçiçək Nəsirli (46 kq) rəqibini 4:1 (27:30, 30:27, 29:28, 30:27, 29:27) hesabı ilə məğlub edib. Yeniyetmələr arasında mübarizə aparan idmançımız finalda Roksana Talpasla (Macarıstan) döyüşəcək. Görüş yanvarın 21-də olacaq.

Gənclər arasında qüvvəsini sınayan Lalə Mədətova (48 kq) da mərhələ adlayıb. O, finala gedən yolda Briana İonitadan (Rumıniya) üstün olub – 3:2 (29:28, 28:29, 30:27, 28:29, 29:28). Mədətova yanvarın 19-da baş tutacaq həlledici görüşdə komanda yoldaşı Aysu İsmayılovaya qalib gələn rumıniyalı Mihaela Badesku ilə üz-üzə gələcək.

52 kq çəkidə çıxış edən Aynur Mikayılova da ilə qələbə ilə başlayıb. O, 1/4 finalda macarıstanlı Laura Horvatı 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. Təmsilçimiz yarımfinalda rumıniyalı Karmen Kokosu sınağa çəkəcək.

Digər gənc boksçumuz Nərmin Əlizadə (50 kq) yarımfinalda Sanya Mitiçlə (Serbiya) qarşılaşıb və rəqib mərhələ adlayıb. Nəticədə həmyerlimiz yarışı bürünc medalla bitirib.

Qeyd edək ki, 13 ölkədən 100-dən çox boksçunun qatıldığı Millətlər Kubokunun ikinci günü Azərbaycan millisinin daha 4 idmançısı mübarizəyə başlayacaq.