\
12 Dekabr 2024 - Cümə axşamı

“Suzuki ancaq şəklimə zərbə vura bilər, mən isə onun özünü vuracağam” - Vüqar Kərəmov

“Suzuki ancaq şəklimə zərbə vura bilər, mən isə onun özünü vuracağam” - Vüqar Kərəmov
1901baxış

“Suzuki şoumendir, şou yaratmağı xoşlayır. Ancaq şəklimə zərbə vura bilər. Mən isə onun şəklini yox, özünü vuracağam. Sakit dayanmalıyam. Əsəbi olsam, səhvlərə yol verə bilərəm”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın MMA idmançısı Vüqar Kərəmov “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində mətbuat konfransında deyib.

31 yaşlı döyüşçü yaponiyalı Çihiro Suzukiyə qarşı keçirəcəyi görüşlə bağlı fikirlərini bildirib: “Hazırlıq prosesi üç ay davam edib. Çəkini salmağa az qalıb. Suzuki ilə döyüşdə sözümü deyəcəyəm. Qrafikimiz dəyişməz qalır, hər gün səhər və axşam məşq edirik. Axşam məşqində çəkini də saldıqdan sonra tam hazır olacağam”.

Uşu-sanda üzrə dördqat dünya, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi olan Kərəmov Suzukidən çəkinmədiyini söyləyib: “Özümə tam güvənirəm. Ola bilsin ki, rəqib yeni parlayan ulduzdur. Buna baxmayaraq, özümə tam inanıram. Sonuncu dəfə 10 il əvvəl Azərbaycanda döyüşmüşəm. Nostalji hisslər keçirirəm. İnanıram ki, yerli publika önündə uğurlu çıxış edərək, azarkeşlərimizi sevindirəcəyəm. Azərbaycanda vuruşmaq böyük məsuliyyətdir. Heç kim öz ölkəsində uduzmaq istəməz. Hazırlığımızı da buna uyğun görmüşük”.

O, rəqibini yaxından tanıdığını vurğulayıb: “Suzuki ilə iki dəfə eyni yarışda vuruşmuşuq. Mən kəmər uğrunda döyüşəndə o qalib gəlmişdi. Rəqibin görüşlərinə baxmışam. Hətta bir döyüşünü canlı izləmişəm. Yaxşı döyüşçüdür. Mənim üçün hansı üslubda döyüşməyin fərqi yoxdur. Cüdoya, boksa, uşu-sandaya getmişəm. Ayaq üstə də vuruşa bilərəm, lazım gəlsə, güləşdən də istifadə edərəm. Amma bura MMA-dır, sırf güləşməyə çıxmırıq. Vaxtından əvvəl qələbə qazanmağa çalışacağam. Buna da hazıram”.

Vüqar Kərəmov “Rizin” yarışının Azərbaycanda MMA-ya marağın artmasına səbəb olacağını düşünür: “Rizin” böyük təşkilatdır. İndiyə qədər Azərbaycanda belə yarış olmayıb. Bu, Azərbaycanda MMA-ya maraq göstərən gənclərə motivasiya olacaq. Onlar idmançıların necə irəlilədiklərini görəcəklər. Bu liqanı Azərbaycana gətirən idmançılar barmaqla sayılacaq qədərdirlər. Bunu bacardığımız üçün fəxr edirik. İnanıram ki, bu yarışdan sonra idman zallarına axın olacaq”.

İdmançı qələbə təqdirində reytinqdə irəliləyəcəyini xatırladıb: “Kəməri qazanmışam və bunu qorumalıyam. Özüm üçün də sınaqdır. Rəqib dünyada top-12-dədir. Qalib gəlsəm, onun yerini tutacağam. Reytinqə ön sıralarda yer almağım mənim üçün tarixi an olar. Suzukini məğlub etdikdən sonra Takuyama Masamori ilə vuruşacağam. Əsas odur ki, Suzuki və Masamorini yenim. Başqa liqadan təklif alsam, qəbul etməyəcəm. Çünki “Rizin” də onlarla eyni səviyyədədir. Yalnız yaxşı təklif olsa, UFC-yə gedərəm”.

Qeyd edək ki, Vüqar Kərəmovla Çihiro Suzuki arasında döyüş noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.