Deputat Azər Badamov dünya çempionatında “Real Madrid”ə azarkeşlik edəcək?! - Deputatlar arasında sorğu
Bu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək.
Mediapress.az "Report"un məlumatına əsasən xəbər verir ki, XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanacaq açılış mərasimi “Lujniki” stadionunda keçiriləcək.
DÇ-2018-də Avropanı meydan sahibi Rusiyadan əlavə 13 yığma – Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç və Danimarka təmsil edəcək.
Cənubi Amerikadan 5 ölkə - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru bu hüquqa yiyələnibsə, Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən 3 ölkə - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.
Asiya zonası üzrə 5 komanda - İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı mundialda Afrika da eyni sayda ölkə - Nigeriya, Misir, Seneqal, Mərakeş və Tunislə təmsil olunacaq.
“Report” Milli Məclisin deputatları arasında hansı komandaya azarkeşlik edəcəkləri ilə bağlı sorğu keçirib.
"İspaniya və Argentina komandalarının oyununa baxacam"
Deputat Tahir Mirkişili
Deputat Tahir Mirkişili deyib ki, maraqlı oyun nümayiş etdirdiklərinə görə ən çox İspaniya və Argentina komandalarının oyununa baxmağa üstünlük verir: “Düşünürəm ki, sürpriz komanda motivasiyası daha güclü olan ölkələrdən ola bilər. Bunlar İslandiya, Senegal, İran kimi qalibiyyəti daha çox arzu edən ölkələrin yığmalarıdır. Ancaq son zamanlar süni intellektin inkişafı texnoloji vasitələrlə çempionatın nəticələrini əvvəlcədən proqnozlaşdırmağa imkan verir. Süni intellekt tərəfindən aparılan ilkin analizlə əldə edilən nəticələr çempionatın qalibinin sürpriz bir ölkə olmayacağını deməyə əsas verir”.
Milli Məclisin deputatı Kamran Nəbizadə isə hesab edir ki, Braziliya komandası dünya çempionatının qalibi olacaq: “İslandiya da güclüdür, amma çempion olacağına inanmıram. Bunu proqnozlaşdırmaq çətindir”.
“İtaliya yığmasına azarkeşlik edirdim”
Parlamentin üzvü Cavid Osmanov isə deyib ki, Argentina komandası DÇ-2018-in qalib olacaq: “İtaliya yığmasına azarkeşlik edirdim, o da kənarda qaldı. Növbəti qalib olacağına şübhə etmədiyim komanda isə Belçikadır”.
Deputat Zahid Oruc
Deputat Zahid Oruc Almaniya, İngiltərə komandalarının qalib olacağını proqnozlaşdırır: “Həmin ölkələrin komandaları ən güclü yığmalar olaraq qalırlar. Məncə, qalib ya Almaniya, ya da Braziliya komandası olacaq”.
Z.Oruc qeyd edib ki, tamam fərqli, indiyə qədər çempion olmayan komandanın qalib olması arzuolunandır.
O, futbolun ölkələrin taleyində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Təbii ki, heç bir ölkənin taleyi yaşıl meydanlarda həll edilmir. Yəni hərbi, siyasi məsələləri nəzərdə tuturam. Amma bu cür yarışların ayrı tribunası, tanıtım imkanları var. Məsələn, dünya çempionatının Rusiyada keçirilməsi o ölkənin sanksiyalardan çıxmasına şərait yarada bilər”.
Milli Məclisin üzvü Azər Badamov
“Real Madrid” çempion olacaq”
Milli Məclisin üzvü Azər Badamov bildirib ki, “Real Madrid” çempion olacaq: “Dünya çempionatını izləyəcəyəm. Favoritim “Real Madrid”dir. O komandanın qalib olacanğını düşünürəm. Argentina və Meksika da qalib ola bilər, Bu, artıq sürpriz olar”.
Deputat Tahir Kərimli Türkiyənin dünya çempionatına çıxmasının arzuolunan olduğunu bildirib: “Təəssüf ki, bu, baş vermədi. Hazırda Almaniyaya azarkeşlik edirəm. Sürpriz ölkənin hansı olacağını proqnozlaşdırmaq çətindir. Güclü komandalar çoxdur. Ola bilər, Xorvatiya önə çıxsın”.
Deputat Aydın Hüseynov da Almaniyaya azarkeşlik etdiyini qeyd edib: “Sürpriz ölkənin hansı olacağını deyə bilmərəm. Çünki gərgin oyun müşahidə olunacaq, ona görə də bunu proqnozlaşdırmaq çətindir”.