\
23 Noyabr 2024 - Şənbə

"Qarabağ" "Vorskla" ilə qarşılaşacaq - Avropa Liqası

"Qarabağ" "Vorskla" ilə qarşılaşacaq - Avropa Liqası
1915baxış

Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

“Report” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin III turunda Ukrayna “Vorskla”sını qəbul edəcək. Bu, poltavalıların Azərbaycan komandaları ilə ilk dueli olacaq. “Qarabağ” isə 2014/2015 mövsümündə Avropa Liqasında “Dnepr”lə eyni qrupa düşüb. Yarışın gələcək finalçısını səfərdə 1 cavabsız qolla üstələyən “köhlən atlar”, evdə 1:2 hesabı ilə məğlub olublar.

Cari mövsümdə E qrupunda yer alan Ağdam və Poltava təmsilçiləri ilk iki görüşdə yenilib. “Qarabağ” Portuqaliyada “Sportinq”, Bakıda isə İngiltərə “Arsenal”ına uduzmaqla bərabər, qol da vurmayıb. Azərbaycan çempionu səfərdə 2, evdə 3 cavabsız qolla məğlub olub. “Vorskla” isə Londonda “topçular”a 2:4 hesabı ilə yenildikdən sonra, doğma meydanda “Sportinq”lə görüşdə qələbə qazanmağa yaxın olsa da, 90+1 və 90+3-cü dəqiqələrdə qol buraxaraq uduzub – 1:2.

Qurbanovun komandası indiyə qədər Avropa Liqasının qrup mərhələsində evdə keçirdiyi 10 oyundan 2-də qalib gəldiyi halda, 4-də uduzub. Ağdamlılar Bakıdakı son 8 avrokubok matçından 2-də qalib gəlib. Üstəlik, son 5 ev oyununda qələbə qazanmayıb. Bunlardan 4-də uduzan “Qarabağ”, ötən mövsüm Çempionlar Liqasında İspaniya “Atletiko”su ilə qolsuz bərabərə qalıb.

“Vorskla” avrokuboklarda 7-ci, qrup mərhələsində isə 2-ci dəfədir iştirak edir. Poltavalılar avrokuboklarda sonuncu səfər qələbəsini 2011/2012 mövsümünün pley-off mərhələsində Rumıniyanın “Dinamo” (Buxarest) komandası ilə görüşdə əldə ediblər – 3:2.

Vasili Saçkonun baş məşqçisi olduğu komanda Bakıya itkilərlə gəlib. Heyətdə zədələrini sağaltmaqla məşğul olan Geqam Kadimyan, Aleksandr Kobaxidze və Denis Vasin yer almayıb. Həmçinin, İbrahim Kane və Dmitri Kravçenko səfərə götürülməyib. Əvəzində, Taras Sakiv daha əvvəl açıqlanan heyətə əlavə olunub.

“Qarabağ”da isə zədəli oyunçu yoxdur. Bərpa prosesini tamamlayan Dani Kintana da komandaya qoşulub.

“Vorskla” Ukrayna çempionatının sonuncu turunda evdə Kiyev “Dinamo”suna 1 cavabsız qolla uduzub. “Qarabağ” isə “Səbail”i 1:0 hesabı ilə üstələsə də, texniki məğlubiyyətlə üzləşib.

Avropa Liqası

Qrup mərhələsi, III tur

 

E qrupu

20:55. “Qarabağ” (Azərbaycan) – “Vorskla” (Ukrayna)

Baş hakim: Roy Raynşrayber

Yan xətt hakimləri: Danni Krasiku, David Elias Bitton

Dördüncü hakim: Amihay Yehoşua Mozes

Əlavə köməkçi hakimlər: Alon Yefet, Daniel Bar Natan (hamısı İsrail)

Hakim-inspektor: Sergey Zuyev (Rusiya)

UEFA nümayəndəsi: Kazimirj Olesjek (Polşa)

Bakı Olimpiya Stadionu

Mediapress.az