\
13 Oktyabr 2024 - Bazar günü

"Barselona" Messi və Suaresin qolları sayəsində qələbə qazanıb

"Barselona" Messi və Suaresin qolları sayəsində qələbə qazanıb
1679baxış

Futbol üzrə İspaniya çempionatının 19-cu turunda "Barselona" "Eybar"ı darmadağın edib.

“Report” xəbər verir ki, Barselona şəhərinin "Kamp Nou" stadionunda keçirilən görüşü baş hakim Xesus Hil Mansano idarə edib.

Matçın 19-cu dəqiqəsində Luis Suares Filippe Koutinyonun ötürməsini qola çevirib. İkinci hissədə uruqvaylı futbolçu bu dəfə assistent rolunda çıxış edib. Məhz onun ötürməsindən sonra Lionel Messi hesabı 2:0-a çatdırıb. Tezliklə Suares dubl edərək oyunda son nöqtəni qoyub.

Bu qarşılaşmadan sonra "Barselona" xallarının sayını 43-ə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirib. "Eybar" 22 xalla 15-ci pillədədir.

Messinin vurduğu qol onun üçün İspaniya çempionatında 400-cü olub (435 oyunda). O, bununla da İspaniya çempionatı tarixində sözügedən göstəriciyə çatan ilk futbolçu olub. İkinci yerdə 311 qol ilə "Real"ın sabiq hücumçusu Kriştianu Ronaldu qərarlaşıb.

İspaniya Primerosu. 19-cu tur

"Barselona" – "Eybar" - 3:0

Qollar: 1:0 – Suares – 19, 2:0 – Messi – 53, 3:0 – Suares – 59

Mediapress.az