\
13 Oktyabr 2024 - Bazar günü

Futbol üzrə baş məşqçi böyrəyini xəlvəti oyunçusuna nəql etdirdi - Səudiyyə Ərəbistanında

Futbol üzrə baş məşqçi böyrəyini xəlvəti oyunçusuna nəql etdirdi - Səudiyyə Ərəbistanında
1959baxış

Səudiyyə Ərəbistanında analoqu olmayan humanist addım atılıb. Futbol üzrə gənclərdən ibarət komandanın baş məşqçisi Fahad Əl Qərbi öz böyrəklərindən birini ehtiyacı olan oyunçusuna hədiyyə etməkdən çəkinməyib. Hətta böyrək çatışmazlığından əziyyət çəkən oyunçunun da bundan xəbəri olmayıb. Mediapress.az Əl Ərəbiyyə televiziya kanalına istinadən xəbər verir ki, məşqçi bu hadisəni xəlvətdə saxlamağa çalışsa da, xəbər tezliklə sosial şəbəkələr vasitəsilə bütün ərəb dünyasına yayılıb. 

Yusuf Əl Aslami adlı oyunçunun böyrək nəqli uğurla həyata keçirilsə də, o, donorunun kim olduğundan hələ də xəbərsizdir. Belə ki, əməliyyatın tarixini yalnız ötən həftənin cümə axşamı günü bilib. O da donoru kimi hələ də xəstəxanada müayinə olunur.

Qeyd edək ki, bu humanist hərəkət sadə bir təsadüf nəticəsində baş verib. Baş məşqçi oyunçusunu ziyarət edən zaman həmkarlarından onun 1 ildir xəstə yatdığını, mütəmadi olaraq məşqləri buraxdığını və böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrənib. O, heç kimə demədən dərhal paytaxt Ər Riyada gedərək donorluq üçün lazımi müayinələrdən keçib. Daha sonra Tvitter hesabından cəsarətli bir status paylaşıb. Yalnız bunu etdikdən sonra xəstəxanaya yerləşib.