Elnur Məmmədliyə uduzmaq üçün 200 min pul təklif olunub - ETİRAF
Azərbaycanın cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə 2007-ci il dünya çempionatı zamanı uduzması üçün pul təklif olunub.
Bu barədə 30 yaşlı idmançı “CBC Sport”da yayımlanan “İmza” verilişində açıqlama verib.
Həmin verilişdə Məmmədli türkiyəli idmançının təklif etdiyi məbləği qəbul etmədiyini bildirib: “Pulun məbləği kifayət qədər yüksək idi. Hardasa 150-200 min. Həmin vaxt mən adi Elnur Məmmədli üçün 200 min az pul deyildi. Mən ona rədd cavabı verdim. Çünki mənim üçün əsas məsələ Azərbaycanın bayrağı, himni idi. İndi o bizim dostumuzdur. Özü ilə imkan düşdükcə görüşürük”.
Artıq karyerasını başa vurmuş idmançının sözlərinə görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olduqdan sonra ona pul mükafatı və mənzil verilsə də, bu hədiyyələr də onu dəyişdirməyib.
Qeyd edək ki, 2007-ci ildə Braziliyada keçirilmiş dünya çempionatında Elnur Məmmədli 73 kq çəki dərəcəsində gümüş medal qazanıb. Onun yarımfinalda qarşılaşdığı türkiyəli cüdoçu isə Sezər Huysuz olub. Huysuz da Məmmədli kimi artıq karyerasını başa vurub. O, 2016-сı ildən Türkiyə Cüdo Federasiyasının prezidentidir. Elnur isə 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir. (oxu.az)