\
12 Oktyabr 2024 - Şənbə

Bu gün UEFA Çempionlar Liqasında1/4 final mərhələsinin ilk 2 oyunu keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında1/4 final mərhələsinin ilk 2 oyunu keçiriləcək
1637baxış

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

İlk iki oyun İngiltərədə keçiriləcək. 

Premyer Liqada rəqabət aparan “Tottenhem” və “Mançester Siti”komandaları tarixlərində ilk dəfə avrokubokda üz-üzə gələcəklər. Hər iki kollektiv 1/8 finalda Almaniya təmsilçisini mübarizədən kənarlaşdırıb. Londonlular Dortmund “Borussiya”sından (3:0, 1:0), “şəhərlilər” isə “Şalke”dən (3:2, 7:0) güclü olublar.

Komandaların heç birinin heyətində cəzalı futbolçu olmasa da, zədəlilər var. Erik Dayer və Erik Lamela zədə üzündən meydana çıxa bilməyəcək. Serj Orye ilə Fernando Lyorentenin durumu isə sual altındadır.

“Mançester Siti”də Klaudio Bravo və Aleksandr Zinçenko zədədən əziyyət çəkir. Fabian Delf, Kayl Uoker və Kun Aqueronun isə oynayıb-oynamayacaqları bilinmir.

“Liverpul” və “Portu” ardıcıl ikinci mövsüm ÇL-də qarşılaşacaqlar. İngilislər ötən mövsüm 1/8 final mərhələsində rəqibini səfərdə Sadio Manenin het-triki və Məhəmməd Salahla Roberto Firminonun qolları ilə 5:0 hesabı ilə məğlub edib. “Enfild”dəki görüşdə isə hesab açılmayıb.

“Liverpul” 1/8 finalda Almaniya təmsilçisi “Bavariya”nı mübarizədən kənarlaşdırıb (0:0, 3:1). “Portu” isə İtaliya “Roma”sını keçib (1:2, 3:1).

Meydan sahiblərinin heyətində Endryu Robertson cəzalı, Co Qomez və Aleks Oksleyd-Çemberlen zədəlidir. Adam Lallananın durumu sual altındadır. “Portu”da isə Ektor Errera ilə Pepe cəzalıdır. Aleks Telles isə zədə üzündən meydana çıxmaya bilər.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

9 aprel

23:00. “Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Byorn Keypers (Hollandiya)

London. “Tottenhem” stadionu

23:00. “Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya)

Baş hakim: Antonio Mateu Laos (İspaniya)

Liverpul. “Enfild” stadionu

Mediapress.az