\
23 Noyabr 2024 - Şənbə

Minsk-2019: Azərbaycan 17-ci pilləyə yüksəlib

Minsk-2019: Azərbaycan 17-ci pilləyə yüksəlib
1770baxış

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının 6-cı günündə 16 dəst medal sahibini tapıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, yarış günü Azərbaycan millisi üçün uğurlu alınıb.

İdmançılarımız ilk qızıl medala yiyələnib. Buna sərbəst güləşçi Mahir Əmiraslanov (57 kq) nail olub. Yığmamız günü daha iki bürünc medalla tamamlayıb. Sərbəst güləşçilər Hacımurad Hacıyev (74 kq) və Camaləddin Məhəmmədov (125 kq) 3-cü yeri tutublar.
Bundan başqa, dörd idmançımız medalı təmin edib. Sərbəst güləşdə Hacı Əliyev (65 kq) və Nurməhəmməd Hacıyev (97 kq) ən azı gümüş, boksçular Lorenzo Sotomayorla (69 kq) Alfonso Dominges (81 kq) ən azı bürünc mükafat qazanacaq.

Əldə olunan üç medaldan sonra yığmamızın hesabındakı mükafatlar 14-ə çatıb. 1 qızıl, 4 gümüş və 1 bürünc medalı olan millimiz Avropa Oyunlarının 17-cisidir. Komandamız bir gün əvvəlki ilə müqayisədə 9 pillə irəliləyib.

Cədvələ isə Rusiya başçılıq edir. İlk altı gündə 200 dəst medaldan tən yarısı sahibini tapıb ki, şimallılar 100 dəst mükafatdan 28 qızıl, 15 gümüş və 20 bürüncə sahib çıxıb.

Belarus ümumi siyahıda 2-ci, Gürcüstan isə 3-cüdür. Ümumilikdə 37 ölkə təmsilçiləri medal sevinci yaşayıb. Çempion adına isə 28 yığmanın üzvləri layiq görülüb.

Mediapress.az