Argentina Futbol Federasiyasının prezidenti FIFA Şurasından qovulub
Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia FIFA Şurasından çıxarılıb.
"Report" TNS-ə istinadən xəbər verir ki, qərar Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən qəbul olunub.
Buna Amerika Kuboku zamanı Tapianın mətbuata verdiyi açıqlama səbəb olub. İyulun 3-də dərc olunan açıq məktubunda Tapia Braziliya Futbol Konfederasiyasını tənqid edib. Onun sözlərinə görə, Argentina millisi hakimlərə və keyfiyyətsiz meydana görə yarımfinalda Braziliyaya 0:2 hesabı ilə məğlub olub.
CONMEBOL Tapianın ittihamlarının çox ciddi olduğunu hesab edib. FIFA Şurasının yeni üzvü üçün seçkinin yeni tarixi məlum deyil.
Qeyd edək ki, Amerika Kubokunu finalda Perunu 3:1 hesabı ilə məğlub edən Braziliya qazanıb.
Argentina millisinin kapitanı Lionel Messi də CONMEBOL-u tənqid edib. Ulduz futbolçu ciddi sanksiyalardan yayınmaq üçün qurumdan üzr istəməyə məcbur olub. Nəticədə hücumçu bir oyunluq cəzalandırılıb və 1500 dollar məbləğində cərimələnib.