Azərbaycan millisi bu gün Slovakiya yığmasının qonağı olacaq
Azərbaycan millisi bu gün UEFA AVRO-2020-nin seçmə mərhələsində sonuncu oyununa çıxacaq.
Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığmasının qonağı olacaq. Trnavadakı Anton Malatinski adına stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Cari tskilda bu komandalar arasında iyunun 11-də “Bakcell Arena”da keçirilmiş qarşılaşmada qonaqlar 5:1 hesabı ilə qalib gəliblər. Görüşdə hesabı 8-ci dəqiqədə Stanislav Lobotka açıb. 27-ci dəqiqədə Yuray Kuçka cərimə zərbəsindən baxımlı qola imza atıb. Bundan 2 dəqiqə sonra Ramil Şeydayev fərqlənməklə Azərbaycan millisini ümidləndirib. Lakin 1 dəqiqə sonra Slovakiya yığmasının kapitanı Marek Hamşik fərqi yenidən artırıb. O, 57-ci dəqiqədə özünün 2-ci, komandasının 4-cü qolunu vurub. Son nöqtəni isə 85-ci dəqiqədə David Hançko qoyub.
Slovakiya ilə Azərbaycan milliləri dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 8-ci dəfə üz-üzə gələcəklər. İndiyə qədər baş tutmuş 7 matçdan 6-da rəqib qalib gəlib. 6 iyun 2001-ci ildə Bakıda DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda isə Azərbaycan millisi hələlik yeganə olan qələbəsini qazanıb – 2:0. Tofiq Bəhramov adına Respublika stadionunda Vadim Vasilyevlə Zaur Tağızadə fərqləniblər.
E qrupunda 1 xalla sonuncu pillədə qərarlaşan Azərbaycan millisi Avropa çempionatına vəsiqə şansını itirsə də, rəqibin belə bir imkanı var. Lakin Pavel Hapalın baş məşqçi olduğu komadanın taleyi öz əlində deyil. Hazırda 10 xalla 4-cü pillədə qərarlaşan Slovakiya son oyunda qalib gəlməklə yanaşı, 12 xalla 2-ci sırada yer alan Macarıstanın paralel keçiriləcək Uelslə səfər matçında xal itirməsinə ümid bəsləməlidir. Bu komandaların xalları bərabər olacağı təqdirdə, slovakiyalılar şəxsi oyunlarda üstün olduqları üçün (2:0, 2:1) AVRO-2020-yə düşəcəklər.
Azərbaycan millisinin heyətində iki itki var. Hücumçu Rüfət Dadaşovla müdafiəçi Maksim Medvedev zədə üzündən hələ Uelslə oyundan əvvəl heyətdən çıxarılıblar. Əvəzində britaniyalıların 2:0 hesabı ilə qalib gəldikləri matçı buraxan Eddi İsrafilov komandaya qoşulub.
AVRO-2020
Seçmə mərhələ, E qrupu
19 noyabr
23:45. Slovakiya - Azərbaycan
Baş hakim: Sergey Boyko
Yan xətt hakimləri: Vladimir Volodin və Semyon Şlonçak
Dördüncü hakim: Vitali Romanov (hamısı Ukrayna)
Hakim-inspektor: Kevin Azzopardi (Malta)
UEFA nümayəndəsi: Skot Struters (Şotlandiya)
Trnava, Anton Malatinski adına stadion