"Qəbələ”dən Mədətov haqda sərt bəyanat - ÜZR İSTƏSİN!
"Mahir Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” İK və R. Qriqorçukdan üzr istəməsini gözləyirik!”
“Qəbələ” klubu 31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində yayımlanan “Qış nağılı” verilişində milli komandamızın və “Qarabağ” futbol klubunun üzvü Mahir Mədətovun çıxışı ilə bağlı bəyanat yayıb.
Mediapress.az axar.az-a istinadən xəbər verir ki, bəyanatda Mahir Mədətovun çıxışı sərt şəkildə qınanıb:
“31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində yayımlanan “Qış nağılı” verilişinin qonaqlarından biri milli komandamızın və “Qarabağ” Futbol Klubunun üzvü Mahir verilişin formatına uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi komandamızın baş məşqçisi və futbolçular arasında olan dialoqu seçib və özünəməxsus şəkildə təqdim edib. “Qəbələ” İdman Klubu M.Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yanlış fikir formalaşdırmağa xidmət edir.
Bütün bunları nəzərə alaraq, “Qarabağ” FK-nın gənc futbolçusu haqqında ölçü götürməsini, M.Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” İK və R. Qriqorçukdan üzr istəməsini gözləyirik”.